Bakı, Azərbaycan
+994 99 895 30 40
info@bakuconsultingcenter.com

Xaricdə əldə olunmuş təhsil sənədlərinin ölkə ərazisində tanınması

İnjuria: Müsahibə təklifimizi qəbul etdiyiniz üçün  təşəkkür edirik. İlk öncə sizi tanıyaq.

M.S. Mən, Sultanlı Mələk Rövşən qızı 2012-2016-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsində, 2016-2018-ci illərdə isə həmin universitetin Kommersiya hüququ üzrə magistr pilləsində ingilis dilində tədris almışam və hər iki dərəcəni fərqlənmə ilə bitirmişəm. 2018-ci ildən etibarən sığorta, bank, təhsil sektorunda müxtəlif vəzifələrdə çalışmışam. Hal-hazırda Yelo Bank ASC-də Korporativ Hüquq Departamentində aparıcı hüquqşünas vəzifəsində çalışıram. Həmçinin, “Baku Consulting Center” Məhdud Məsuliyyətli Cəmiyyətinin həmtəsisçisiyəm. 2023-cü ildən etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüyəm.

Injuria: Bildiyiniz kimi, xaricdə bakalavr və magistr təhsili almış şəxslər ölkə ərazisində aldıqları təhsil üzrə diplomlarının tanınması üçün müvafiq qurumlara müraciət etməlidirlər. Ümumiyyətlə bu məsələ necə tənzimlənir?

M.S. Xaricdə əldə olunmuş kvalifikasiyanın tanınması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalar əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir.

Qaydalara əsasən tanınma dedikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilən təhsil haqqında sənədlərin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. İlk növbədə bildirim ki, tanınma ərizəçinin müraciəti əsasında həyata keçirilir və müraciətlər yalnız elektron qaydada qəbul edilir.

Bildirmək istərdim ki, tanınma üçün qaydalarda qeyd edilən sənədlərin elektron qaydada elektron sistemə yüklənilməsi yetərlidir. Ərizəçilər tərəfindən təqdim edilmiş sənədlərin icrasının hansı mərhələdə olması barədə elektron sistemdə açılmış şəxsi kabinetdə yerləşdirilən elektron məlumat, ərizəçilərin qeyd etdiyi əlaqə nömrəsinə həm sms formasında, həm də elektron poçt ünvanına göndərilir.

Injuria: Bildiyimiz qədər tanınma ilə bağlı müraciətlərə baxılması qaydasında dəyişikliklər baş vermişdir. Bu barədə nə deyə bilərsiniz?

M.S. Bəli, ilk öncə qeyd edim ki, uzun müddətdir ki, bu məsələlər AR Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 saylı Qərarı ilə tənzimlənirdi. Lakin bu ildən etibarən yeni qaydalar qüvvəyə mindi və Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli 2306 nömrəli Fərmanı ilə tanınmaya dair münasibətlər yeni forma və məzmunda tənzimlənməyə başlanıldı. Düşünürəm ki, yeni qaydalar tanınma üzrə dövrün tələblərini nəzərə almışdır və ərizəçilərə bir sıra güzəştlər təqdim etmişdir. Buna peşə tanınması zamanı sınaq imtahanlarının təşkilinə dair tələbin qaydalarda müəyyən edilmiş beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların azı birində ərizəçinin qəbul olunduğu ildə ilk 500 pillədə yer alan təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyaların, dövlət proqramları, Nazirliklə xarici dövlətlərin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında hökumətlərarası təqaüd proqramları və beynəlxalq müqavilələr çərçivəsində əldə edilmiş kvalifikasiyalara şamil edilməməsini misal göstərə bilərəm.

 

Injuria:Bildirdiniz ki, yeni qaydalarda ciddi dəyişikliklər var. Həmin dəyişikliklər barədə məlumat verə bilərsinizmi?

M.S. Yeni qaydaların ən üstün cəhəti tanınmanın akademik və peşə tanınması kimi növləri müəyyən edilməsi olmuşdur. Akademik tanınma dedikdə, xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə ölkə ərazisində təhsilin növbəti pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi, peşə tanınması dedikdə isə, təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsi başa düşülür.

Artıq ərizəçilər seçimlərinə uyğun olaraq, həm akademik və peşə tanınması üçün, həm də onlardan yalnız birinin tanınması üçün Agentliyə müraciət edə bilərlər.

Eyni zamanda peşə tanınmasının həyata keçirilməsi qaydaları, peşə tanınması zamanı sınaq imtahanlarının keçirilməsi tələb olunan ixtisasların dairəsi, bu imtahaların Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilməsi müəyyən olunmuşdur.

Ərizəçinin tibb və səhiyyə ixtisasları üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi imtahanlardan əlavə olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi tələblərə uyğunluğu da mütləqdir.

Eyni zamanda əvvəlki qaydalarda tanınmaya dair müraciətlərə baxılması müddəti 1 ay müəyyən olunmuşdu, lakin yeni qaydalara əsasən müraciətlərə bütün sənədlərin əlavə olunduğu vaxtdan 3 ay müddətində baxılır.

Injuria: Sonda isə bilmək istərdik ki, kvalifikasiyaların tanınması üzrə məhkəmə mübahisələri çox olurmu? Ümumiyyətlə bu işlərin məhkəmə perspektivi barədə nə deyə bilərsiniz?

M.S. Bəli, bildirim ki, tanınmadan imtina edilməsi barədə qərar qəbul olunduğu halda həmin qərarı həm inzibati, həm də məhkəmə qaydasında mübahisələndirmək mümkündür. Məhkəmə qaydasında şikayətlərə inzibati məhkəmələrdə baxılır. Məhkəmə praktikasını araşdırdığımız zaman imtina əsaslarına təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, təhsilalmalma formasının ölkə qanunvericiliyində nəzərdə tutulan formaya uyğun olmaması, ali təhsil müəssisəsinin akkreditasiyasının olmaması, diplomun dövlət nümunəli olmaması aiddir.

 

Geri

Bimimlə əlaqə

123 Street, Baku, AZE

info@bakuconsultingcenter.com

+012 345 67890

Xidmətlərimiz

© bakuconsultingcenter.com. Bütün hüquqlar qorunur.